10 нояб. 2011 г.

Qar dənəsi olmaq var imiş..

oyandım..
mahnılardakı kimi deyil, sənin yanında oyanmadım.
soyuq fəsillərin uzun qollularını geyinəcəyim səhər oyandım.
ürəyimdə "kaşki, qar yağaydı bu gün" dedim.
nə vaxt qar yağsa, ağlıma ilk küçədə yaşayan heyvanlar gəlir.
pişiklər üşüyüblər yəqin, üşüsünlər!
onların tükləri var onsuzda.


bəs mənim, səssizlikdə üşüyən qəlbimin nəyi var?
sadəcə səs'sizliyi..
bilirsən, göy üzündə rəngini axtaran buludları saymasaq sanki dekabrdı.
yaşılın sarı ilə döyüşündə qalib gələn yenə çılpaq budaqlar olacaq.
rəngləri yerə sərdim, tapdaladılar deyərmiş kimi, qışı gətirir yer üzünə.
yalnızlığın fəslini.
mənim fəslimi..
qəribədir ki, quşlar hələ də bunu hiss eləmir yaxud hiss elətdirmir.
göy üzü hələ də masmavidi.
hələ də gülən insanlar var.
amma azdı, çox az..
məktəblərin bağlanmasına baxmayaraq hələ də məktəb yolları gənc sevgililərlə doludu.
"kaşki, heç ayrılmasınlar" deyirsən sən.
"böyümək ayrılmaqdır" deyirəm mən.
və biz - hər birimiz böyüməyə can atırıq.
hələ də "Leyli və Məcnun"a inananlar var. halbuki, o sadəcə nağıldı.

qar dənəsi olmaq var imiş.
daha sonra ərimək, dalğaya qarışıb yüksəlmək..
bəlkə bir gün bir uşaq kağız gəmisini üzdürər üzərimdə.
yaxud çimər, sevinər bir damla ürəyimdə. yaxud bir quş dimdikləyər məni.
oyan deyə..
heç bir can qara dənə olmayıb.
heç bir sevgi də..
heç kim o qarda üşüməyib.
yəqin ona görədir ki, bir zamanlar dəlicəsinə bir-birini sevən aşiqlər yolda qarşılaşanda üzlərini çevirib keçirlər.

bəlkə bir gün,
başqa bir sabahda,
başqa bir fəsildə,
qara dənə olarsanmı mənimlə?

qara dənə olmaq nədi?-deyə soruşmayın.
bu nağılı ikimiz yazmadıqmı məgər?
istər qar olarıq səs'sizliyimlə birgə.
istərsədə qar dənəsi.
kimə nə?

Əzizova Rəfiqə, aprel 2011

Комментариев нет:

Отправить комментарий