1 нояб. 2011 г.

Məhəmməd Fizuli - Məni candan usandırdı

Məni candan usandırdı, cəfadan yar usanmazmı
Fələklər yandı ahımdan, muradın şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşan
Desəm, ol bivəfa bilməm, inanarmı inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?

Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Комментариев нет:

Отправить комментарий